Post Image

Atletika üzrə respublika çempionatının qalibi müəyyənləşib

01-02 iyun 2019-cu il tarixdə “Respublika Olimpiya Mərkəzində keçirilən məktəblər arasında respublika çempionatının atletika idman növü üzrə yarışların final mərhələsinə yekun vurulub.

Çempionatın proqramına uyğun olaraq, final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 məktəb komandası mübarizə aparıb.

Yarışların nəticəsi olaraq, I yeri Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəb, II yeri Bərdə rayonu Xanqaraqoyunlu kənd tam orta məktəb, III yeri isə Balakən rayonu Şərif kənd tam orta məktəbin komandası tutub.

2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb. 2018-ci ilin oktyabr ayından başlanılan atletika idman növü üzrə yarışlarda 2262 orta məktəb üzrə 54288 şagird iştirak edib.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir