Haqqımızda

FEDERASİYAMIZ HAQQIDA

İdman ölkələr arasında dostluğun, sülhün təminatçısı kimi sosial-mədəni dəyərlərə malikdir. Beynəlxalq idman yarışlarında qazanılan qələbələr yeniyetmələrdə vətənpərvərlik hisslərinin, mübarizlik ruhunun formalaşmasında mühüm rol oynayır. Məhz bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq idman federasiyalarının üzərinə böyük məsuliyyət düşür.
Uzun illərdir ki, Beynəlxalq Məktəb İdmanları Federasiyası bu yüksək mənəvi keyfiyyətləri yeniyetmələrə aşılayır. Federasiya 1972-ci ildə 21 Avropa ölkəsinin iştirakı ilə təsis edilmişdir. Hazırda Beynəlxalq Məktəb İdmanları Federasiyasına beş qitənin 90 ölkəsi üzvdür. Təşkilatın mənzil-qərargahı Belçikanın Antverpen şəhərində yerləşir.
Federasiya 14-18 yaş arasında məktəblilərin bədən tərbiyəsi və idman fəaliyyətini əhatə edir. Beynəlxalq Universitet İdmanları Federasiyasında isə, əsasən 17-25 yaş arasında olan tələbələrlə yarışlara qoşulurlar. Qeyd edək ki, bir çox idman növləri üzrə Beynəlxalq Məktəb İdmanları Federasiyasının təşkil etdiyi yarışların qalibləri Beynəlxalq Universitet İdmanları Federasiyasının keçirdiyi yarışlara lisenziya qazanmaq imkanı əldə edir.
Yarışlar iki ildən-bir 43 idman növü üzrə keçirilir. Bu yarışlar Dünya Məktəbləri Çempionatı adlanır. 1972-ci ildə bu çempionat futbol və voleybol idman növləri üzrə keçirilmişdir. Qitələr üzrə irimiqyaslı yarışlar arasında isə Pan-Amerika Məktəb Oyunları, Avropa Məktəblərinin Futbol Turniri, Asiya Məktəb Oyunları gənc idmançıların böyük maraqla qatıldığı beynəlxalq yarışlardır.
1974-cü ildə Beynəlxalq Məktəb İdmanları Federasiyasının təşəbbüsü ilə ilk dəfə mötəbər Gimnaziada yarışları Almaniyanın Viesbaden şəhərində təşkil edlmişdir. Əslində sovet dönəmində Gimnaziada yarışları spartakiada adlanırdı. Bu, idman yarışları yeniyetmələrin mənəvi, fiziki cəhətdən harmonik inkişafında müstəsna əhəmiyyət kəsb edir, onlarda özünü dərk, özünü realizə etmək bacarığını yüksəldir.
Qeyd edək ki, 11-15 may 2016-cı il tarixlərində Türkiyənin Mərmərə şəhərində təşkil olunan beynəlxalq federasiyanın Baş Assambleyasında ilk dəfə olaraq, Azərbaycan nümayəndəliyi təşkilata üzv qəbul olunub. Beynəlxalq federasiyanın üzvü kimi 29 may-05 iyun 2016-cı il tarixlərində Fransanın Lil, Lens şəhərlərində təşkil edilən AVRO-2016, məktəblilərin futbol çempionatında Bakının 163 saylı orta məktəbinin şagirdləri iştirak etmişlər. 11-18 iyul 2016-cı il tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilən XVI Yay Gimnaziada Oyunlarında cüdo idman növündə məktəblimiz öz istedad və bacarığını yüksək səviyyədə nümayiş etdirə bilib.
Artıq bu beynəlxalq tədbirlərə fəal qoşulmaqla, Azərbaycanın da Beynəlxalq Məktəb İdmanları Federasiyasının həqiqi üzvü olması zərurəti yaranmışdı. Ölkəmizdə dünya təcrübəsindən yararlanaraq, orta məktəb şagirdlərinə idmanın sağlam həyat tərzinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində geniş tədbirlər görülür. Təcrübə göstərdi ki, mərkəzləşdirilmiş federasiya daha səmərəli fəaliyyət göstərmək iqtidarındadır. Nəhayət, 2017-ci ildə Azərbaycanda Məktəb İdmanları Federasiyası təsis olundu və o Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.
Federasiyanın 2018-ci ilin martın 1-də Milli Olimpiya Komitəsində keçirilən təqdimat mərasimindən sonra fəaliyyəti daha genişlənmiş və bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Əlbəttə, qarşıda bir sıra idman növləri üzrə dünya çempionatları bizi gözləyir. Amma ən böyük hədəflərimizdən biri də 2020-ci ildə Çinin Jinijanq şəhərində keçiriləcək Məktəblilərin XVIII Yay Gimnaziadasına qatılmaqdır.
İnanırıq ki, Azərbaycanın məktəbli idmançıları Beynəlxalq Məktəb İdmanları Federasiyasının bayrağı altında keçiriləcək bu məsul yarışlarda öz bacarığı, gücü, qələbə əzmi ilə seçiləcəklər. Yeni federasiya, dünya təcrübəsindən yararlanmaqla, ölkəmizdə məktəblərdə idmanın sağlam həyat tərzində əvəzsiz rolunun aşılanmasına və idmanda kütləviliyə nail olunmasına çalışacaq. Federasiyanın məqsədləri sırasında böyüməkdə olan gənc nəsli sağlam, cəmiyyətimizə lazımlı vətəndaş kimi formalaşdırmaq, eyni zamanda idmanı yeniyetmələrin sağlamlığı naminə əvəzsiz həyat tərzinə çevirməkdir!